Legislation commentsProlongation issues in the land lease

Lawels LawelsAugust 31, 2020
Torpaq icarəsi ilə bağlı mübahisələr həll edilərkən prolonqasiya düzgün qiymətləndirilmir.
Prolonqasiya (“prolongare” latıncadan tərcümədə “uzatmaq” mənasını verir) –müqavilənin müddəti bitdikdə onun eyni müddətə və eyni şərtlərlə avtomatik olaraq uzadılması deməkdir. Bəzi hüquqşünaslar icarədə olmuş torpaq sahəsi (xüsusilə bağ torpaq sahəsi) ilə bağlı mübahisələrdə belə əsaslandırmadan istifadə edirlər: icarə müqaviləsinin müddəti bitsə də ona xitam vermək haqqında tərəflərdən heç birinin ərizəsi olmayıb, odur ki, müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
Bu, düzgün mövqe deyil.
Nəyə görə?
Ona görə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsində göstəriib: “Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər”. Göründüyü kimi, həmin maddədə prolonqasiya imkanı müəyyən edilsə də “icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər” məzmunlu göstəriş qeyd olunmuşdur. İcarə müqaviləsinin bir növü torpaq icarə müqaviləsidir, həmin müqavilə növü ilə bağlı qanunvericilikdə başqa qayda müəyyən edilmişdir.
Başqa qayda aşağıdakı kimdir.
Əvvəlki Torpaq Məcəlləsinin 32-ci maddəsində torpaq üzərində sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinin 2-ci bəndinə görə torpaq sahəsinin verildiyi müddət qurtardıqda torpaq üzərində hüquqlara xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində də eyni məzmunlu göstəriş qeyd olunmuşdur. O cümlədən hazırda qüvvədə olan Mülki Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Bu o deməkdir ki, Torpaq Məcəlləsi və Mülki Məcəllə torpaq icarə müqaviləsinə münasibətdə prolonqasiyaya yol vermir, müqavilənin müddəti qurtardıqda torpaq sahəsi üzərində hüquqlar avtomatik xitam olunur.
Yalnız 1 istisna var.
Həmin istisna azı 3 il müddətinə bağlanmış icarə müaviləsinə aiddir. O cümlədən bu zaman prolonqasiya avtomatik olmur, yazılı formada sorğu verilməsi tələb olunur, habelə müqavilə eyni müddətə deyil, qeyri-müəyyən müddətə uzadılır. Belə ki, MM-in 719.2-ci maddəsində qeyd olunub: “Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur”.
Beləliklə, torpaq icarəsində prolonqasiya ilə bağlı məsələlər qiymətləndirilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmalıdır.
Müəllif: Namiq Cəfərov
The articles on this blog are not, nor are they intended to be, legal advice. You should consult a lawyer for individual advice or assessment regarding your own situation. 
Lawels

Lawels

LAWELS aims to provide readers with articles and cutting-edge thoughts written by lawyers working in various fields of practice. The blog also provides professionals of this area with legal news, legislation changes, useful information, legal insights and other relevant issues.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *