Qanunvericiliyə izahatlarRestitusiya nədir və avtomobilin etibarnamə verilməklə faktiki alqı-satqısına restitusiya tətbiq edilə bilərmi?

Lawels LawelsFevral 5, 2021

Restitusiya nədir və avtomobilin etibarnamə verilməklə faktiki alqı-satqısına restitusiya tətbiq edilə bilərmi?

Cümlədə 2 sual olduğuna görə ardıcıllıqla cavab verək.

1-ci sual: Restitusiya nədir?

Cavab belədir ki, restitusiya (latıncadan tərcümədə “bərpa etmək” mənasını verir) – əqd etibarsız olduqda əqd üzrə əldə edilənlərin geri qaytarılmasıdır. Bu, bir hüquq münasibətidir və bütün hüquq münasibətlərində olan 3 element (subyekt, obyekt və məzmun) bu münasibətdə də mövcuddur. MM-in 337.5-ci maddəsində restitusiya həmin 3 elementə uyğun müəyyən edilib. Orada qeyd olunub ki, əqd etibarsız olduqda, tərəflərdən hər biri (münasibətin subyektləri) əqd üzrə aldıqlarının hamısını (münasibətin obyekti) digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir (münasibətin məzmunu).

Bütün hüquq münasibətlərində olduğu kimi restitusiyanı da yaradan hüquqi fakt var. Restitusiyada bu fakt etibarsız əqddir. Etibarsız əqd fakt kimi hüquqi nəticə doğura bilir. Belə ki, MM-in 337.4-cü maddəsində “etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur” müddəasındakı “etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla” ifadəsi ilə istisna müəyyən olunub. Restitusiya həmin istisnadır, yəni etibarsız əqdin etibarsızlıqla bağlı səbəb olduğu (yaratdığı) hüquqi nəticədir, hansı ki, MM-in 337.5-ci maddəsində müəyyən edilib.

2-ci sual: Avtomobilin etibarnamə verilməklə faktiki alqı-satqısına restitusiya tətbiq edilə bilərmi ?

Cavab belədir ki, tətbiq edilə bilər. Danışıqda işlədilən “etibarnamə ilə alqı-satqı” hüquqi anlayış deyil, bu ifadəni hüquqi dilə çevirdikdə o, eyni anda 2 əqdi özündə ehtiva edir:

1) etibarnamə;

2) alqı-satqı müqaviləsi.

1-ci əqd birtərəflidir, yazılı formadadır, başqa əqdi (alqı-satqı əqdini) pərdələdiyinə görə yalan əqd kimi əhəmiyyətsizdir (MM, maddə 340.2).

2-ci əqd ikitərəflidir, qanunvericilikdə (yəni NK-nin 15.03.1999-cu il tarixli, 39 №-li qərarı ilə təsdiq edilmiş Əsasnamədə) müəyyən edilmiş formaya əməl edilmədən şifahi formada bağlandığına görə etibarsızdır (MM, maddə 329.1). 2-ci əqdin etibarsız sayılması üçün “etibarsız sayılma barədə” iddia ərizəsi verilməsinə və qətnamə qəbul edilməsinə ehtiyac yoxdur, çünki o, əhəmiyyətsiz əqd kimi etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (MM, maddə 337.3)

Alqı-satqı əqdinin nəyinsə üzərində (sənəddə, reyestrdə və s.) fiksasiya olunmaması o demək deyil ki, o, “etibarsız əqd” kimi mövcud deyil. Bəzi şəxslər bu 2 anlayışı qarışdırır:

1) əqd;

2) əqdin əks olunduğu sənəd.

Əqd – ən qısa formada desək iradə ifadəsidir (MM, maddə 324.1). Sənəd – ən qısa formada desək iradə ifadəsinin fiksasiyasıdır (MM, maddə 331.1). Göründüyü kimi, əqd (iradə ifadəsi) və sənəd (onun fiksasiyası) eyni deyil, ona görə də fiksasiyanın olmaması iradə ifadəsinin (əqdin) mövcud olmaması demək deyil. Fiksasiyanın olmaması iradə ifadəsinin (əqdin) etibarsızlığına səbəb ola bilir, bu zaman iradə ifadəsi “etibarsız əqd” adı ilə mövcud olur. Hüquqşünaslıq – bu, sənədşünaslıq (документоведение) və ya sözşünaslıq (слововедение) deyil. Ona görə də hər zaman sənədə və ya sözə əsaslanaraq iradə ifadəsi ilə bağlı nəticə çıxarmaq düzgün sayılmır, heç iradə ifadəsi də hər zaman sənəddə və ya sözdə əks olunmur. Ümumiyyətlə, hüquqda iradənin 3 ifadə üsullu var:

1) düzünə iradə ifadəsi.

2) dolayı iradə ifadəsi.

3) susmaqla iradə ifadəsi.

1-ci, yəni düzünə iradə ifadəsi zamanı şəxs şifahi və yazılı formada iradəsini birbaşa ifadə edir. Məs., yazılı müqaviləyə imza edilməsi, şifahi müqaviləyə sözlə razılıq bildirilməsi və s.

2-ci, yəni dolayı iradə ifadəsinə adətən konklyudent iradə ifadəsi deyilir (latıncadan tərcümədə “concludere” nəticə çıxarmaq, nəticəyə gəlmək mənasını verir). Bu zaman şəxsin davranışı belə nəticə çıxarmağa imkan verir ki, o, iradə ifadə edir. Məs., şəxs nəqliyyat vasitəsində getmək üçün yer tutursa onun davranışından belə nəticəyə gəlmək olur ki, o, daşıyıcı ilə sərnişindaşıma müqaviləsi bağlamaq barədə iradə ifadə edib və s.

3-cü, susmaqla iradənin ifadəsinə yalnız qanunda və ya tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda yol verilir. Məs., vərəsənin susması (MM, maddə 1273-1), məhkəmənin 10 gün müddətində iddia ərizəsini qaytarmaması və ya qəbul etməkdən imtina etməməsi (MPM, maddə 151.3) və s.

Avtomobillərin şifahi alqı-satıqısı zamanı 2-ci iradə ifadəsi (dolayı iradə ifadəsi) mövcud olur. İki şəxsin davranışı belə nəticə çıxarmağa imkan verir ki, onların arasında alqı-satqı barədə razılaşdırılmış iradə ifadəsi mövcuddur. Belə ki, bu şəxslərdən biri avtomobili və avtomobilə aid olan bütün sənədləri digər şəxsə təhvil verərək avtomobilin bazar dəyərini (pulu) ondan qəbul edir (bir tərəfin davranışı), digər şəxs isə avtomobili və avtomobilə aid olan bütün sənədləri təhvil alaraq avtomobilin bazar dəyərini (pulu) həmin şəxsə ödəyir (digər tərəfin davranışı). Göründüyü kimi, alqı-satıq əqdi mövcuddur.

İndi isə avtomobilin şifahi alqı-satqı əqdinə restitusiyanı tətbiq edək. Bunun üçün göstərilənlər tələb olunur:

1-ci, etibarsız əqd mövcud olmalıdır. Belə ki, restitusiyanı nəzərdə tutan 337.5-ci maddədə “Əqd etibarsız olduqda…” ifadəsindən istifadə olunub. Avtomobilin şifahi alqı-satqı əqdi forma tələblərinə əməl edilmədiyinə görə etibarsız əqddir. Onu qanun “etibarsız əqd” adlandırır: MM-in 329.1-ci maddəsində “…forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır” qeyd olunub.

Bu əqdin etibarsız sayılması üçün “əqdin etibarsız sayılması” barədə iddia ərizəsi verilməsinə ehtiyac yoxdur, birbaşa “restitusiyanın tətbiqi barədə” iddia ərizəsi verilə bilər, əqdin etibarsızlığı bu iddianın əsası kimi çıxış edəcək. Etibarsız əqdlər 2 yerə bölünür: mübahisələndirilən əqdlər və əhmiyyətsiz əqdlər. Mübahisələndirilən əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunur, əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunmur (MM, maddə 337.3). Avtomobilin şifahi alqı-satqı əqdi əhəmiyyətsizdir, çünki əqddəki qüsurun xarakteri (qüsurun forma ilə bağlı olması) qətnamə qəbul edilməsini zəruri etmir, başqa sözlə, qətnamənin olmaması onun etibarlı sayılması demək deyil. MM-in 329.1-ci maddəsi həmin əqdə imperativ formada “etibarsızıdır” deyir.

Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisələndirilən əqdin etibarsızlığının tanınması üçün qətnamə olmalıdır, belə qətamə olmadan restitusiya mümkün deyil. Məs., aldatma yolu ilə bağlanmış əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunur, əgər qətnamə yoxdursa o, etibarlı sayılır. Qanun da belə əqdi “etibarsız” adlandırmır, “şəxs həmin əqdi mübahisələndirə bilər” deyir (MM, maddə 339.2).

2-ci, etibarsız əqd üzrə tərəflər nəsə almalıdır. Belə ki, restitusiya etibarsız əqd üzrə alınanların geri qaytarılmasıdır. Əgər desək ki, tərəflərin bir-birindən avtomobil və pul alması əqd üzrə olmayıb, onda sual əmələ gələcək ki, əslində nə baş verib: avtomobil qaçırılıb, pul isə oğurlanıb?

3-cü, əqd üzrə alınanlar geri qaytarılmalıdır. Belə ki, avtomobil və pul əqd üzrə alınan əşyalardır, hər bir tərəf aldığını digər tərəfə qaytarmaq vəzifəsi daşıyır, müvafiq olaraq hər bir tərəf verdiyini digər tərəfdən geri tələb etmək hüququna malikdir. Yuxarıda qeyd etmişik ki, restitusiya hüquq münasibətidir və bütün hüquq münasibətləri kimi onun 3 elementi var:

– subyekt, yəni satıcı və alıcı;

– obyekt, yəni avtomobil və pul;

– məzmun, yəni hüquq və vəzifə.

Ona görə də restitusiya zamanı etibarsız əqd üzrə satıcı (subyekt) avtomobili (obyekti) geri tələb edə bilər (hüquqdur), pulu (digər obyekti) isə əks tərəfə qaytarmalıdır (vəzifədir), alıcı (digər subyekt) pulu (obyekti) geri tələb edə bilər (hüquqdur), avtomobili (digər obyekti) isə əks tərəfə qaytarmalıdır (vəzifədir).

Bununla da restitusiya başa çatır.

Sivilistikada uzun müddətdir elmi mübahisələr gedir: restitusiya məsələsində “bağlanmamış əqd”, “etibarsız əqd”, “əsassız varlanma” və digər anlayışlar hüquqşünas alimlər tərəfindən müxtəlif cür izah olunur. Biz bu vəziyyətdə MM-in 2 maddəsini – 329.1 və 337.5-ci maddələrini birlikdə tətbiq etməklə avtomobilin şifahi alqı-satqı əqdində restitusiyanın mümkün olduğunu deyə bilərik. Göstərilən maddələrdən biri həmin əqdi “etibarsız” adlandırır, digəri isə “etibarsız” əqd üzrə restitusiyanın mümkün olduğunu müəyyən edir.

Beləliklə, gəldiyimiz nəticə:

Etibarnamə verilməklə pərdələnmiş “avtomobilin alqı-satqısı barədə” şifahi formalı əqd üzrə restitusiyanın tətbiq edilməsi mümkündür.

 

Müəllif: Namiq Cəfərov

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *