Məhkəmə aktının dəyişdirilməsi və qismən ləğv edilməsinin fərqi nədir ?
Dəyişmə və qismən ləğv bir-birinə oxşayır. Eyni vəziyyəti yuxarı məhkəmənin bir tərkibi aşağı məhkəmənin qətnaməsinin və ya qərardadının dəyişdirilməsi, digəri isə qismən ləğvi kimi yazır. Bu isə ləğv sayı ilə bağlı məhkəmə statistikasına təsir edir.
Fərq “mahiyyət” anlayışı ilə bağlıdır.
Belə ki, fəlsəfədə “mahiyyət” dedikdə predmetin elə xüsusiyyətlərinin məcmusu başa düşülür ki, onlarsız predmet mövcud ola bilməz və onlar predmetin qalan bütün xüsusiyyətlərini müəyyən edir. “Mahiyyət” anlayışı məhkəmə aktlarına münasibətdə “həll” ilə bağlı olan anlayışdır, çünki məhkəmə aktları həmişə hüquqi əhəmiyyət kəsb edən məsələlərin həll edilməsi üçün qəbul olunur: qətnamə ilə maddi və prosessual-hüquqi məsələlər, qərardad ilə prosessual-hüquqi məsələlər həll olunur. Yəni məhkəmə aktı – həll etmə aktıdır. Həll etmə aktının dəyişdirilməsi və qismən ləğv edilməsi isə o deməkdir ki, yuxarı məhkəmə aşağı məhkəmənin həlli ilə hissəvi razılaşmır. Əgər hissəvi razılaşmama həllin mahiyyəti ilə bağlıdırsa bu, qismən ləğvdir, əgər hissəvi razılaşmama həllin mahiyyəti ilə bağlı deyildirsə bu, dəyişmədir. Həllin mahiyyəti isə nəyin həlli edilməsindən asılıdır: vəzifənin icrasına dair məsələ həll edilərsə mahiyyət vəzifədir, əgər vəzifənin icrası qaydasına dair məsələ həll edilirsə mahiyyət icranın qaydasıdır və s.
Vəzifənin icrasına misal göstərək. Məs., əsas kredit borcunun tutulması zamanı vəzifənin (borcu qaytarmaq vəzifəsinin) icrasına dair məsələ həll edilir. Bu barədə aşağı məhkəmənin qətnaməsi yoxlanılarkən yuxarı məhkəmə hesab edərsə ki, vəzifə düzgün müəyyən olunub (yəni borcu qaytarmaq vəzifəsi var), lakin vəzifənin həcmi (yəni qaytarılmalı olan borcun məbləği) düzgün müəyyən edilməyib, bu zaman qətnamə dəyişdirilərək məbləğ artırılır və ya azaldılır. Çünki həllin mahiyyəti vəzifədir, vəzifənin həcmi həllin mahiyyəti deyil.
Bundan fərqli olaraq, əgər əsas kredit borcu ilə yanaşı dəbbə pulunun tutulması barədə qətnamənin yoxlanılması zamanı müəyyən edilsə ki, əsas borcu qaytarmaq vəzifəsi var, lakin dəbbə pulu ödəmək vəzifəsi yoxdur, bu zaman qətnamə dəbbə puluna aid hissədə (yəni qismən) ləğv edilir. Çünki vəzifə həllin mahiyyətidir, əsas borcu qaytarmaq vəzifəsi və dəbbə pulu ödəmək vəzifəsi mahiyyətcə ayrı-ayrı vəzifələrdir: faktiki əsasına, hüquqi əsasına və s. görə.
Vəzifənin icrası qaydasına misal göstərək. Məs., pul ödəmək vəzifəsinin icrası ilə bağlı mübahisə yoxdur, lakin onun qaydası – manat, yoxsa dollar ilə ödənilməsi barədə mübahisə var. Aşağı məhkəmənin qətnaməsi ilə qət olunub ki, pulun bir hissəsi dollarla, bir hissəsi manatla ödənilsin. Həmin qətnamə yoxlanılarkən yuxarı məhkəmə hesab edərsə ki, qayda düzgün müəyyən edilməyib, bütün pul manatla ödənilməlidir, bu zaman qətnamə pulun dollarla ödənilməsinə aid hissədə (yəni qismən) ləğv edilir. Çünki qayda həllin mahiyyətidir, qayda isə dəyişir: pul bir valyuta ilə ödənilməlidir.
Bundan fərqli olaraq, əgər yuxarı məhkəmə hesab edərsə ki, qayda düzgün müəyyən edilib, yəni həqiqətən də pulun bir hissəsi dollarla, bir hissəsi manatla ödənilməlidir, lakin manatla və dollarla ödənilməli olan hissələrin bir-birinə nisbəti ümumi məbləğin daxilində düzgün təyin edilməyib, bu zaman qətnamə nisbətə aid hissədə dəyişdirilir. Çünki nisbət həllin mahiyyəti deyil, mahiyyət qaydadır, qayda isə dəyişmir: pul hər iki valyuta ilə ödənilməlidir.
Göstərilən misallar maddi-hüquqi məsələlərə aiddir, prosessual-hüquqi məsələlərə də eyni qaydalar tətbiq edilir.
Bu məsələdə bir istisna var. İstisna ondan ibarətdir ki, əgər aşağı məhkəmənin həll etməli olduğu məsələ müxtəlif səbəblərdən (hakimin nəzərindən qaçması və s.) məhkəmə aktında həll edilməyibsə yuxarı məhkəmə həmin məsələni aşağı məhkəmənin əvəzinə həll edir, bu zaman aşağı məhkəmənin aktı dəyişdirilmiş sayılır. Həmin məsələyə münasibətdə aşağı məhkəmənin həll aktı (qətnamə və ya qərardadı) mövcud olmadığına (yəni həll olmadığına) görə yuxarıda qeyd edilən yanaşma işləmir. Bu yanaşmaya görə dəyişmə və qismən ləğv o deməkdir ki, yuxarı məhkəmə aşağı məhkəmənin həlli ilə hissəvi razılaşmır, əgər hissəvi razılaşmama həllin mahiyyətilə bağlıdırsa bu qismən ləğvdir, əgər hissəvi razılaşmama həllin mahiyyətilə bağlı deyildirsə bu, dəyişmədir. Həll ilə razılaşmamaq üçün əvvəlcə həllin özü mövcud olmalıdır, həll isə mövcud deyil. Bu vəziyyətin “məhkəmə aktının dəyişdirilməsi” adlandırılması daha uyğundur, nəinki “məhkəmə aktının qismən ləğvi”, çünki nəticə etibarilə qətnamə dəyişikliyə məruz qalır. Əgər bunu “məhkəmə aktının qismən ləğvi” adlandırsaq, onda sual əmələ gələcək ki, ləğv olunan hansı hissədir? Belə hissə isə yoxdur.
Bu cür dəyişikliyə misal göstərmək olar. Məs., ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə qəbul olunub, lakin qətnamədə ilkin satış qiyməti göstərilməyib; işə bərpa barədə qətnamə qəbul olunub, lakin məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması həll edilməyib; nikahın pozulması barədə qətnamə qəbul olunub, lakin uşağın kimin yanında qalması həll edilməyib və s. Bu hallarda yuxarı məhkəmə həmin məsələləri həll edir, bununla da aşağı məhkəmənin aktı dəyişdirilmiş sayılır.
Beləliklə, məhkəmə aktının dəyişdirilməsi və qismən ləğv edilməsi zamanı qeyd edilənlər nəzərə alınmalıdır.
Müəllif: Namiq Cəfərov
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.