Qanundakı boşluqların hüquqi səciyyəsi

Giriş

Boşluq bir hüquqi münasibətin hüquq qaydası tərəfindən tənzimlənməməsi mənasına gəlir. Hüquq ədəbiyyatlarında boşluq dedikdə, hüquqda boşluq, qanunda boşluq, qanunvericilikdə boşluq, normativ hüquqi tənzimləmədə boşluq və s. başa düşülür. Bu konteksdə boşluqların fərqləndirilməsi lazım gəlir. Hüquqda boşluq münasibətin tənzimlənməsi üçün yazılı və yaxud yazılmamış (adət normaları) hər hansı bir hüquq qaydasının münasibəti tənzimləməməsi və ya mövcud olmamasını nəzərdə tutur. Qanunda boşluq normaların qanunda natamam tənzimlənməsi deməkdir. Qanundakı boşluq konsepsiyası qanunun istifadəsi üçün qanuni əsasların natamamlığına əsaslanır. Pozitiv hüquqda boşluq zamanı qanun, qanun qüvvəli akt, adət və presedent olmur. Qanunvericilikdə boşluq konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması kimi başa düşülə bilər. Normativ hüquqi tənzimləmədə boşluğun olması qanun və qanunqüvvəli akt normalarının olmaması ilə müşahidə olunur. Bu məqalədə qanunda olan boşluqlar, onların anlayışı, qanunvericilik fəaliyyətində münasibətlərin tənzimləməsindəki rolu, onların aradan qaldırılması yolları və onlardan sui-istifadə hallarının qarşısının alınmasından söhbət açılmışdır.

Qanundakı boşluqların hüquqi səciyyəsinin təhlili

Qanun hüquq normalarının sistemli toplusudur və cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir. Qanun boşluğu isə qanunun normasında lazimi qanuni tənzimləmənin edilməməsidir [1, s.1]. Qanunda boşluq, adətən, tələb olunan hüquq normasının qanunvericiliyin bütün sahələrində olmamasıdır. Bu boşluq qanunverici orqan tərəfindən, bir çox hallarda,  qərəzsiz, bilməyərəkdən buraxılsa da, bəzən bilincli olaraq buraxılır. Bu boşluqlar dar və geniş mənada mövcud olur. [2, s.16]

Bəs qanunun analogiyası nədir və biz bu boşluqlar zamanı ondan necə istifadə edə bilərik? Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qanunun analogiyasına belə bir anlayış verir: konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi qanunun analogiyası hesab olunur(1.0.9-cu maddə). Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Belə olan halda ilk öncə qanunun analogiyası tətbiq edilir. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 16-cı maddəsinə görə, qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda hüququn və ya qanun analogiyasından istifadə edilə bilməz.

Qanundakı boşluqların aradan qaldırılması üçün müxtəlif üsullar mövcuddur. Bu boşluqları aradan qaldırılmağın ən təsirli yolu vaxtında qanun layihəsi hazırlamaq, yəni zəruri qanunun və ya digər hüquqi aktın dərhal qəbul edilməsidir. Təbii ki, bu metod həmişə mümkün deyil, çünki yeni bir qanunun və ya normativ aktın qəbulu müəyyən bir vaxt tələb edir (xüsusi prosedurlar, xərclər və s). Buna görə hüquq bənzətməsi və qanunun bənzətməsi hələ də hüquqdakı boşluqların aradan qaldırılmasının ən vacib yollarıdır. Bəzi kritik hallarda onlara müraciət olunur. Qanuna bənzətmə aşağıdakı 3 əsas şərti nəzərdə tutur:

1) adekvat adlandırıla bilən müvafiq hüquqi normanın olmaması;

2) bu konkret işin qanunları ilə ümumi tənzimləmənin olması;

3) bənzər bir normanın qanunda olması, yəni fərziyyəsində hüquq-mühafizə məmurunun qarşılaşmalı olduğu vəziyyətlərə bənzər bir vəziyyət.

Bu cür bənzətmənin realizə edilməsinə imkan verən hüquqi faktların oxşarlığıdır. Ticarət və mülki münasibətlər, müxtəlif qeyri-maddi faydaların, məsələn, ayrılmaz azadlıqların və insan hüquqlarının qorunması sahəsində tətbiqi mövcud qanunvericiliklə təmin edilmişdir. Lakin cinayət sahəsində belə bir bənzətmə qəbuledilməzdir. Bu vəziyyətdə qanunvericiliyin fəaliyyəti, qanundakı boşluqları aradan qaldırmanın mümkün olan yeganə yoludur [7].

Qanunvericiliyin sistemləşdirilməsi (normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi üzrə fəaliyyət) və normayaratma fəaliyyətinin (normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət) daha da təkmilləşməsi bizə bu istiqamətdə böyük kömək olar.

Hüquqdakı boşluğu hüququn tətbiqi prosesində məhkəmələr və digər dövlət orqanları doldurur. Qanundakı boşluğu yalnız əlavə qanunyaradıcılığı yolu ilə aradan qaldırmaq olar. Bütün digər təşkilatlar, alimlər, elmi müəssisələr boşluqların müəyyənləşdirilməsində əməli iştirak edirlər. Lakin onlar boşluqlarının doldurulması hüququna malik deyillər. Məhkəmələrin qüvvədə olan normativ aktları dəyişdirmək səlahiyyətləri yoxdur[6].

Bu boşluqların aradan qaldırılması mexanizmində hakimlərə qanunvericilik səlahiyyətinin verilməsi necə rol oynayar? Bu ilk növbədə qanunvericilikdə faktiki münasibəti tənzimləyən normanın mövcud olmaması, bundan əlavə, qanunvericilikdə də müəyyən olunduğu kimi hakimin baxmalı olduğu digər mənbələr sırasından hüququn əsas prinsiplərində və adət normalarında da mövcud münasibətin həllinə dair tənzimləmə olmadığı halların mövcudluğuna əsaslanır. Hakimin yaratdığı hüquq yalnız faktiki işlə bağlı olmamalıdır. Hakim tənzimlənəcək münasibətlə yanaşı eyni tipli digər münasibətlərin də tənzimlənməsini mümkün edən ümumi bir norma yaratmalıdır [3, s.12]. Bu səlahiyyət hakimə normanın təfsir oluna bilməməsi nəticəsində verilir. Roman-german hüquq sistemi ölkələrinin bir çoxu (Türkiyə, İsveçrə) ümumi mənada presedent hüququnu və hakimin qanunverici kimi çıxış etməsini qəbul etməsələr də, öz mülki məcəllələrində son hərəkət olaraq hakimlərə bu səlahiyyətin verilməsini təsdiq edirlər. Problem ondadır ki, başlıca narahatçılıq doğuran hal roman-german hüquq sisteminə daxil olan ölkələrin hüquqşünasları məhkəmədən qanun yaratmasını gözləməsələr də, boşluqların mövcud olduğu hallarda belə işi təmin etməyi ondan tələb edirlər [4, s.1]. Səlahiyyət müəyyən edən ölkələrdə hakimin qərar qəbul etdiyi zaman presedent kimi sayıla bilən digər məhkəmə qərarlarına, doktrinalara və özünün hüquq düşüncəsinə əsaslanaraq ədalət çərçivəsində qərar çıxarması nəzərdə tutulub. Rusiya Mülki Məcəlləsinin 6.maddəsində isə belə qeyd olunur: “Qanunun analogiyasının mümkün olmadığı hallarda tərəflərin hüquq və vəzifələri, Mülki Məcəllənin ümumi prinsipləri və ruhuna uyğun tətbiq edilən hüququn analogiyası yolu ilə və xoş niyyət, məntiqə uyğunluq və ədalətlə tənzimlənir.” Luiziana Mülki Məcəlləsinin 4-cü maddəsində faktiki məsələ bu cür tənzimlənməyə çalışılmışdır: “Müəyyən bir münasibətin tənzimlənməsi yazılı hüquqda və ya adət və ənənələrdə öz təsbitini tapmadığı halda belə hakim işə baxmalıdır. Bu zaman hakim haqqa, məntiqə və yayılmış tətbiq növlərinə istinad etməklə ədalətli qərar çıxarmalıdır [2,s.25].” Azərbaycan Respublikası qanunvericiliyində bəzi digər roman-german hüquq sistemi ölkələrində olduğundan fərqli olaraq heç bir halda hakimə qanunverici səlahiyyət verilməyib. Hakimin analogiyanın tətbiqini reallaşdıra bilmədiyi halda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət göndərə bilər [8, s.8].

Qanundakı boşluqdan sui-istifadə istifadə amillərinin qarşısını necə ala bilərik? Sui-istifadə sözünün hərfi mənası bir şeyin və ya bir adamın zərərinə işləməkdir. Bizim qanunvericiliyimizdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu müəyyən edir ki, məcburi hüquqi ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunlarda sui-istifadə təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir. Sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur. Özündə sui-istifadə amillərini ehtiva edən normalar (normativ hüquqi aktlar, onların layihələri) sui-istifadəyə məruz qalmış normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab edilir. Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası aparılarkən tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan qaldırılmalıdır [5].

Qanundakı boşluqla əlaqədar sui-istifadə amillərinə misal gətirək:

  • qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;
  • qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması
  • normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunması;
  • qanunda normaların həddindən artıq detallaşdırılması nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarması və s.

Nəticə

Qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə, həmçinin qanundan irəli gələn normayaratmanın həddindən artıq azadlığına yol verilməməlidir. Müasir qanunverici əsas məqsədin cəmiyyətin normal fəaliyyətinin, qanunun və qanunvericilik sisteminin daimi işlək vəziyyətdə saxlanılmasının təmin olunmasının vacibliyini dərk edərək qanunvericilikdə və qanunda boşluqların aradan qaldırılmasını təmin etməlidir.  Eyni zamanda qanundakı boşluqlardan sui-istifadə hallarının qarşısının alınması üçün işlək nəzarət mexanizmlərinin mövcudluğu təmin edilməlidir.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Çiğdem Kırca, Örtülü (Gizli) boşluk ve bu boşluğun doldurulması yöntemi olarak amaca uygun sınırlama (Teleologische Reduktion)
  2. Doç. Dr. Sururi AKTAŞ, Pozitif Hukukta Boşluk Kavramı
  3. Gökhan Akpınar, Özel Hukukta Boşluk Kavramı (Anlamı, Türleri, Tespiti, Sonuçları)
  4. Michael Bogdan, General Principles Of Law And The Problem Lacunae In The Law Of Nations
  5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 12.2010, N 21-IVKQ
  6. https://jamilshirvanov.wordpress.com/2017/10/15/huquqda-bosluqlar-v%C9%99-onlarin-tamamlanma-usullari/
  7. https://az.info-4all.ru/drugoe/probeli-v-prave-i-sposobi-ih-vospolneniya-teoriya-prava-i/
  8. http://lr.bsulawss.org/files/archive/volume2/issue1/2BakuStULRev8.pdf

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.