Qanunvericiliyə izahatlarAlimentin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar hansı qaydada və hallarda qəbul oluna bilər ?

Lawels LawelsDekabr 27, 2020

Alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar hansı qaydada və hallarda qəbul oluna bilər ?

Bu məsələni Ailə Məcəlləsinin 55.3-cü maddəsi tənzimləyir. Orada qeyd olunub ki, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ona görə də həmin maddəyə istinad etməklə yuxarıda qeyd olunan suala cavab verək.

1-ci: Qərar hansı qaydada çıxarıla bilər ?
Qərar cavabdehin (borclunun) müraciəti əsasında çıxarıla bilər. Belə ki, 55.3-cü maddədə “tələb” deyildikdə iddia tələbi deyil, məhkəməyə müraciət nəzərdə tutulur, çünki aliment ödəyən şəxs özünə qarşı tələb yönəldə bilməz: pulu ödəyən özüdür. Alimentin bank hesabına köçürülməsi – həmin şəxsdən aliment tutulması barədə qətnamənin icrası qaydasıdır. İcra qaydası ya qətnamənin özündə müəyyən olunur, ya da qətnamə qanuni qüvvəyə mindikdən sonra qərardadla həll olunur.
Odur ki, qərar 2 qaydada çıxarıla bilər:
1) aliment tutulması barədə qətnamə qəbul edilərkən həmin qətnamədə MPM-in 220.6-cı maddəsinə əsasən qətnamənin icrası qaydası kimi müəyyən oluna bilər (2 indeksli icraat). Məs., qətnamənin nəticə hissəsində yazıla bilər ki, bu qətnamə ilə tutulacaq 1.000 manat alimentin 30 faizi uşağın adına açılmış bank hesabına köçürülsün, 70 faizi uşağın anasının sərəncamına verilsin;
2) aliment tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra MPM-in 231-ci maddəsinə əsasən qətnamənin icrası qaydası qərardadla dəyişdirilə bilər (8 indeksli icraat). Məs., qərardadla qərara alına bilər ki, 1.000 manat alimentin tutulması barədə qətnamənin icrası qaydası, yəni alimentin hamısının uşağın anasının sərəncamına verilməsi barədə qayda dəyişdirilsin, alimentin 30 faizi uşağın adına açılmış bank hesabına köçürülsün, 70 faizi uşağın anasının sərəncamına verilsin.

2-ci: Qərar hansı hallarda çıxarıla bilər ?
Bu suala cavab verilməsi üçün 55.3-cü maddə 55.2-ci maddə ilə əlaqəli şəkildə izah olunmalıdır. 55.2-ci maddəyə görə aliment valideynin sərəncamına daxil olur, onun tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Göründüyü kimi, tutulan alimentlə bağlı ümumi olaraq 2 qayda müəyyən olunub:
1) aliment valdeynin sərəncamına daxil olur;
2) aliment həmin valideyn tərəfindən uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
Aliment almaq uşağa məxsus olan huquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn (məs., ana) bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər.
Bu cür mübahisələr yüksək məbləğdə alimentlərin ödənildiyi zaman yaranır. Elə hallar olur ki, sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq təyinatı üzrə xərcləmir, onun bir hissəsini müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərcləyir. Bu hal digər valideynin aliment öhdəliyinin azaldılmasına əsas vermir, çünki aliment uşağa məxsusdur, uşağın öz valideynindən bəlli məbləğdə aliment almaq huququ var. Valideynlərdən birinin alimenti təyinatı üzrə xərcləməməsi digər valideynin uşağın qarşısında olan öhdəliyinin azaldılmasına əsas vermir. Odur ki, belə mübahisələr yarandığı zaman sərəncamına aliment daxil olan valideyn alimenti təyinatı üzrə xərclədiyini sübut etmə vəzifəsi daşıyır.
Nəyə görə ?
1-ci, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir;
2-ci, aliment valideynin sərəncamına özbaşına daxil olmur, onu ödəyən şəxs (digər valideyn) və onun tutulması barədə qərar verən orqan (məhkəmə) var. Buna görə də o, aliment ödəyənin və aliment tutanın qarşısında hesabatlı olmalıdır;
3-cü, uşağın mənafeyi hər kəsin mənafeyindən üstündür, uşaqlar barəsində istənilən tədbir görülərkən əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəlməlidir. Bunu həm beynəlxalq, həm də milli qanunvericilik tələb edir. Uşağın mənafeyinin daha yaxşı təmin edilməsi üçün sərəncamına aliment daxil olan valideyn alimenti tam olaraq uşağın mənafeyi üçün xərclədiyini təsdiq edən sübutları təqdim etməlidir.
Əgər sərəncamına aliment daxil olan valideyn belə sübutlar təqdim edə bilmirsə, deməli, aliment tam olaraq təyinatı üzrə xərclənmir. Bu halda məhkəmə uşağın mənafeyini müdafiə etməli və alimentin 50 faizdən çox olmayan məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmalıdır. Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququ əldə edir.
Bəzi hallarda uşaq 14 yaşına çatdıqda belə hüququ yarana bilər. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 12-ci maddəsinin axırıncı hissəsinə görə uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ona görə də bu maddədə göstərilən əsaslar olduqda 14 yaşına çatmış uşaq bank hesabındakı aliment üzərində sərəncam vermək hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, MM-in 30.2.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan uşaqların ixtiyarı vardır ki, valideynlərinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin. Bank hesabında olan aliment “digər gəlir” hesab olunur.
Beləliklə, alimentin bank hesabına köçürülməsi barədə qərar qəbul edilərkən qeyd edilənlər nəzərə alınmalıdır.

Müəllif: Namiq Cəfərov

Bu bloqda yerləşdirilən yazılar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *