Qanunvericiliyə izahatlarAşağı instansiya məhkəməsinin aktı şikayət əsasında 1 dəfə yuxarı instansiyada yoxlanıldıqdan sonra eyni akt başqa şikayət əsasında həmin instansiyada yenidən yoxlanıla bilərmi ?

Lawels LawelsNoyabr 23, 2020

Aşağı instansiya məhkəməsinin aktı şikayət əsasında 1 dəfə yuxarı instansiyada yoxlanıldıqdan sonra eyni akt başqa şikayət əsasında həmin instansiyada yenidən yoxlanıla bilərmi ?

Bu suala cavab verməzdən əvvəl yoxlamadan sonra “başqa şikayətin” necə yarandığını aydınlaşdıraq. Belə şikayət aşağıdakı hallarda yaranır:

1) yoxlamadan sonra məlum olur ki, işdə iştirak edən şəxslərdən biri yoxlanılmış aktdan şikayətvermə müddətini üzrlü səbəbdən ötürüb, ona görə də müddət bərpa olunmalıdır;

2) yoxlamadan sonra məlum olur ki, yoxlanılmış akt işdə iştirak edən şəxslərdən birinə yoxlamaya qədər lazımi qaydada təqdim edilməyib, ona görə də o, həmin aktdan şikayətvermə müddətini ötürməyib;

3) yoxlamadan sonra məlum olur ki, yoxlanılmış akt işdə iştirak etməyə cəlb edilməyən şəxslərdən birinin hüquq və vəzifələrinə toxunur, lakin yoxlamaya qədər həmin şəxsin bu aktdan məlumatı olmayıb, ona görə də o, şikayətvermə müddətini ötürməyib və s.

İndi isə yuxarıdakı suala cavab verək. Yoxlanılmış aktın yenidən yoxlanılmasının mümkün olub-olmaması bundan əvvəlki yoxlamanın nəticəsində yuxarı instansiyanın qəbul etdiyi aktın nədən ibarət olmasından asılıdır:

1) əgər yoxlanılan akt dəyişdirilmədən saxlanılıbsa onun yenidən yoxlanılması mümkündür. Yenidən yoxlama nəticəsində həmin aktın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə yeni akt qəbul edilə bilər, baxmayaraq ki, bundan əvvəlki yoxlamanın nəticəsində onun dəyişdirilmədən saxlanılması barədə akt qəbul edilib;

2) əgər yoxlanılan akt tam və ya qismən ləğv edilibsə həmin aktın və ya onun ləğv edilən hissəsinin yenidən yoxlanılması mümkün deyil. Ona görə də şikayətin baxılmaq üçün qəbul edilməsindən imtina olunmalı və şikayət verən şəxsə izah olunmalıdır ki, o, yuxarı instansiyanın aktını (yoxlama nəticəsində qəbul edilmiş aktı) qanunla müəyyən edilmiş qaydada mübahisələndirə bilər;

3) əgər yoxlanılan akt dəyişdirilibsə onun dəyişdirilmiş hissədə yenidən dəyişdirilməsi üçün verilmiş şikayət üzrə yoxlama mümkün deyil, lakin onun ləğv edilməsi üçün verilmiş şikayət üzrə yoxlama mümkündür. Ona görə də yenidən dəyişdirmə üçün verilmiş şikayətin baxılmaq üçün qəbul edilməsindən imtina olunmalı və şikayət verən şəxsə izah olunmalıdır ki, o, yuxarı instansiyanın aktını (yoxlama nəticəsində qəbul edilmiş aktı) qanunla müəyyən edilmiş qaydada mübahisələndirə bilər.

Nəyə görə ?

Cavab belədir ki, bu qayda “hüququn tətbiqi” anlayışı ilə bağlıdır. Hüququn tətbiqi – hüquq normalarının səlahiyyətli dövlət orqanları (məhkəmə və s.) tərəfindən konkret həyati hadisələrlə bağlı realizəsi üzrə hakimiyyət fəaliyyətidir və 3 əsas mərhələdən ibarətdir:

1) işin faktiki hallarının müəyyən edilməsi;

2) iş üzrə tətbiq edilməli hüquq normasının seçilməsi və təhlil edilməsi;

3) işi həll edən aktın qəbul edilməsi.

Göründüyü kimi, 3-cü mərhələni həll aktı təşkil edir. Həll aktı özündən əvvəlki mərhələlərin məntiqi yekunudur. Aşağı instansiyanın aktının dəyişdirilmədən saxlanılması barədə akt “həll aktı” hesab olunmur, aşağı instansiyanın aktının tam və ya qismən ləğv edilməsi barədə akt “mahiyyətlə bağlı həll aktı” hesab olunur, aşağı instansiyanın aktının dəyişdirilməsi barədə akt isə “mahiyyətlə bağlı olmayan həll aktı” hesab olunur. Ona görə də aşağı instansiyanın aktının yoxlanılması nəticəsində yuxarı instansiyanın qəbul etdiyi aktlar 3 yerə bölünməlidir:

1) həll aktı sayılmayan aktlar;

2) mahiyyətlə bağlı həll aktları;

3) mahiyyətlə bağlı olmayan həll aktları.

İndi isə bu aktların təbiətinə ardıcıllıqla aydınlıq gətirək.

1-ci:

Həll aktı sayılmayan aktlar.

Aşağı instansiyanın aktının dəyişdirilmədən saxlanılması barədə yuxarı instansiyanın aktı həll aktı sayılmır. Ona görə də aşağı instansiyanın yoxlanılmış aktının başqa şikayət əsasında yenidən yoxlanılması mümkündür.

Həll aktı sayılmayan aktlar hüququn tətbiqi prorsesinə aid olmayan aktlardır. Həmin aktı qəbul edən yuxarı instansiya hüququn tətbiqi prosesində iştirak etmir, çünki “hüququn tətbiqi” baxımından müstəqil sayılan iradə ifadə etmir: faktiki hal müəyyən etmir, tətbiq ediləcək hüquq normasını seçmir və təhlil etmir, buna müvafiq olaraq həll aktı da qəbul etmir. O, yalnız aşağı instansiyanın qəbul etdiyi həll aktı ilə razılaşmış olur.

Məs., birinci instansiyanın qəbul etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” qətnamə maraqlı şəxs “A”-nın şikayəti əsasında apelyasiya instansiyası tərəfindən yoxlanılıb və dəyişdirilmədən saxlanılıb. Bundan sonra işdə iştirak etməyə cəlb edilməmiş digər maraqlı şəxs “B” birinci instansiyanın həmin qətnaməsindən apelyasiya şikayəti verdikdə qətnamə yenidən yoxlanıla və ləğv edilə bilər, baxmayaraq ki, bundan əvvəlki yoxlamada o, dəyişdirilmədən saxlanılmışdır.

Bu zaman özünü təkzibetmə baş vermir. Çünki, əvvəlki yoxlamanın nəticəsində yuxarı instansiyanın ifadə etdiyi iradə (aşağı instansiyanın həll aktının dəyidirilmədən saxlanılması) hüququn tətbiqi baxımından müstəqil iradə hesab olunmur. Təkzibetmə hüququn tətbiqində yolverilməz sayılır. Yenidən yoxlama zamanı hüququn tətbiqi baxımından müstəqil olan iradə (aşağı instansiyanın həll aktı) ləğv edilərkən hüququn tətbiqi baxımından müstəqil olmayan iradə (yuxarı instansiyanın həll aktı sayılmayan əvvəlki aktı) öz əhəmiyyətini avtomatik olaraq itirir.

Hüququn tətbiqi baxımından müstəqil olmayan iradəni (həll aktı sayılmayan aktı) şərti olaraq “asılı akt” da adlandırmaq olaraq. Əgər əsas iradə (həll aktı) ləğv edilirsə ondan asılı olan iradə (həll aktı sayılmayan akt) əhəmiyyətsiz sayılır. Məhkəmə təcrübəsində bu qaydadan istifadə olunur. Məs., birinci instansiyanın qərardadından (həll aktından) verilən şikayətə MPM-in 269-cu maddəsinə əsasən həmin instansiyanın özü tərəfindən baxılaraq qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardad (həll aktı sayılmayan akt) qəbul olunur. Daha sonra apelyasiya instansiyası həmin şikayətə baxdıqda birinci instansiyanın 1-ci qərardadını (həll aktını) ləğv edir, 2-ci qərardad (həll aktı sayılmayan akt) isə ondan aslı olduğuna görə avtomatik olaraq öz əhəmiyyətini itirir.

Aşağı instansiyanın qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apelyasiya instansiyasının aktı “qətnamə” adlandırılsa da həll akt sayılmır, o, hüquqi təbiətinə görə qərardaddır. Belə ki, qətnamə – işi mahiyyəti üzrə həll edən aktdır (MPM, maddə 216.1). Aktın qətnamə və ya qərardad sayılması onun başlığında “qətnamə” və ya “qərardad” sözünün yazılması ilə deyil, aktın özünün hüquqi təbiəti ilə müəyyən olunur. İş mahiyyəti üzrə 1 dəfə həll olunur, əgər birinci instansiyanın qətnaməsinin (həll aktının) dəyişdirilmədən saxlanılması zamanı yuxarı instansiya da qətnamə çıxarırsa, belə çıxır ki, iş mahiyyəti üzrə 2 dəfə həll olunur. Həll edilmiş işi təkrar həll etmə mümkün olmadığına görə sual yaranır ki, ikinci dəfə həll olunan nədir? Əslində, apelyasiya instansiyası birinci instansiyanın qətnaməsini dəyişdirilmədən saxlayarkən hər hansı maddi-hüquqi məsələni həll etmir, yalnız onu təsdiq edir ki, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün MPM-in 385-391-ci maddələrində göstərilmiş prosessual əsaslar yoxdur. Ona görə də deyə bilərik ki, aşağı instansiyanın qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apelyasiya instansiyasının qətnaməsi hüquqi təbiətinə görə həll aktı sayılmır.

Bir sıra hakimlər aşağı instansiyanın aktını dəyişdirilmədən saxlayarkən öz aktlarının nəticə hissəsində qeyd edirlər ki, aşağı instansiyanın aktı baxılan şikayətə münasibətdə (məs., iddiaçının şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Bu, düzgün mövqedir. Bununla həm də bildirilir ki, yoxlanılmış akt başqa şəxsin (məs., işdə iştirak etməyə cəlb olunmamış şəxsin) şikayəti əsasında yenidən yoxlanılmaq üçün açıqdır, əgər o, öz şikayətində birinci instansiyanın aktının tam və ya qismən ləğv edilməsinə, yaxud dəyişdirilməsinə əsas ola biləcək dəlillər irəli sürə bilərsə yenidən yoxlama zamanı müvafiq akt qəbul edilə bilər.

Dəyişdirilmədən saxlanılmış aktın yenidən yoxlanılması nəticəsində o, tam və ya qismən ləğv edilərsə, yaxud dəyişdirilərsə yeni yoxlama aktının nəticə hissəsində əvvəlki yoxlama aktına istinad olunmalıdır. Məs., Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinin (yeni yoxlama aktının) nəticə hissəsində yazılmalıdır ki, həmin məhkəmənin 02.02.2020-ci il tarixli qətnaməsi (əvvəlki yoxlama aktı) ilə dəyişdirilmədən saxlanılmış Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilsin. Bu, hüquqi müəyyənliyin təmin edilməsi üçün zəruridir.

2-ci:

Mahiyyətlə bağlı həll aktları.

Aşağı instansiyanın aktının tam və ya qismən ləğv edilməsi barədə yuxarı instansiyanın aktı mahiyyətlə bağlı həll aktı sayılır. Ona görə də aşağı instansiyanın ləğv edilmiş aktının və ya onun ləğv edilmiş hissəsinin yenidən yoxlanılması mümkün deyil.

Həll aktı sayılan aktlar hüququn tətbiqi prosesinə aid olan aktlardır. Həmin aktı qəbul edən yuxarı instansiya hüququn tətbiqi prosesində iştirak edir, çünki “hüququn tətbiqi” baxımından müstəqil sayılan iradə ifadə edir: aşağı instansiyanın müəyyən etdiyi faktiki hal düzgün olmadıqda yeni faktiki hal müəyyən edir, yaxud aşağı instansiyanın tətbiq etmək üçün seçdiyi hüquq norması düzgün olmadıqda yeni norma seçir və s., nəticədə isə tam və ya qismən yeni həll aktı qəbul edir.

Məs., birinci instansiyanın aktının apelyasiya instansiyası tərəfindən tam və ya qismən ləğv edilməsi barədə akt qəbul edilibsə, başqa şikayət əsasında birinci instansiyanın aktı və ya onun ləğv edilmiş hissəsi yenidən yoxlanıla bilməz, çünki yoxlama nəticəsində həll aktı qəbul olunub. Bu həm də ona görə mümkün deyil ki, yoxlanılmalı olan akt və ya onun hissəsi artıq mövcud deyil: ləğv edilib. Ləğv edilməmiş hissə yenidən yoxlanıla bilər.

3-cü:

Mahiyyətlə bağlı olmayan həll aktları.

Aşağı instansiyanın aktının dəyişdirilməsi barədə yuxarı instansiyanın aktı mahiyyətlə bağlı olmayan həll aktı sayılır. Ona görə də aşağı instansiyanın aktının dəyişdirilmiş hissədə yenidən dəyişdirilməsi üçün verilmiş şikayət üzrə yoxlama mümkün deyil, lakin onun tam və ya qismən ləğv edilməsi (yəni mahiyyətlə bağlı yeni həll aktı qəbul edilməsi) üçün verilmiş şikayət üzrə yenidən yoxlama mümkündür.

Bu qayda “məhkəmə aktının dəyişdirilməsi” anlayışı ilə bağlıdır. Belə ki, əvvəlki yazıda (bax: mövzu 48) məhkəmə aktının qismən ləğv edilməsi və dəyişdirilməsinin bir-birindən fərqini izah edərkən qeyd etmişik ki, aşağı instansiyanın həll etmə aktının dəyişdirilməsi və qismən ləğv edilməsi o deməkdir ki, yuxarı instansiya aşağı instansiyanın həlli ilə hissəvi razılaşmır. Əgər hissəvi razılaşmama həllin mahiyyəti ilə bağlıdırsa, bu, qismən ləğvdir, əgər hissəvi razılaşmama həllin mahiyyəti ilə bağlı deyilsə, bu, dəyişmədir.

Bu zaman “mahiyyət” deyiləndə yalnız həllin mahiyyəti nəzərdə tutulur. Mülki prosesdə “işin mahiyyəti” və “həllin mahiyyəti” anlayışları eyniləşdirilməli deyil. İşin mahiyyəti – məhkəmə baxışının predmeti olan maddi-hüquqi məsələdir, iddia ərizəsində nəyin tələb edilməsindən asılı olaraq müəyyən edilir. Həllin mahiyyəti – məhkəmə aktının predmeti olan maddi və ya prosessual-hüquqi məsələdir, məhkəmə aktında (qətnamədə və ya qərardadda) nəyin həll edilməsindən asılı olaraq müəyyən edilir.

Məhkəmə aktında olan, lakin həllin mahiyyəti sayılmayan göstərişlərin şikayət əsasında yuxarı instansiyada dəyişdirilməsi həmin məhkəmə aktında olan və həllin mahiyyəti sayılan göstərişlərin başqa şikayət əsasında yenidən yuxarı instansiyada yoxlanılmasına mane olmur. Yoxlama nəticəsində mahiyyət sayılan göstərişlər ləğv edilərsə, həmin ləğv mahiyyət sayılmayan göstərişləri də əhatə edir, çünki, mahiyyət olmadan qeyri-mahiyyətin mövcud olması mümkün deyil.

Məs., aliment tutulması barədə birinci instansiyanın qətnaməsi iddiaçının apelyasiya şikayəti əsasında alimentin miqdarına aid hissədə dəyişdirilərək onun miqdarının artırılması barədə qətnamə qəbul olunub. Bundan sonra cavabdeh birinci instansiyanın həmin qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini tələb edib və bunu onunla əsaslandırıb ki, uşağın atası deyil. Cavabdeh uşağın “doğum haqqında” şəhadətnaməsinin saxta olması barədə sübutu apelyasiya şikayətinə əlavə edib, habelə bu sübutun birinci instansiyaya təqdim edilməsinin ondan asılı olmayan səbəbə görə mümkün olmadığını əsaslandırıb. Belə halda birinci instansiyanın qətnaməsi ləğv ediləcək və iddia rədd olunacaq. Əvvəlki yoxlama nəticəsində apelyasiya instansiyası tərəfindən qəbul olunmuş “alimentin miqdarına aid hissədə birinci instansiyanın qətnaməsinin dəyişdirilməsi barədə” qətnamə birinci instansiyanın qətnaməsinin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə mane olmur. Ona görə ki, alimentin tutulması mahiyyətdir, alimentin miqdarı isə mahiyyət deyil. Mahiyyət olmadan qeyri-mahiyyət mövcud ola bilməz.

Başqa misal göstərək. İpoteka predmetinə tutma yönəldilməsi barədə birinci instansiyanın qətnaməsi iddiaçının apelyasiya şikayəti əsasında ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək onun qiymətinin azaldılması barədə qətnamə qəbul olunub. Bundan sonra cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini tələb edib və bunu onunla əsaslandırıb ki, ipoteka müqaviləsi saxtadır. O, bu barədə sübutu apelyasiya şikayətinə əlavə edib, habelə bu sübutun birinci instansiyaya təqdim edilməsinin ondan asılı olmayan səbəbə görə mümkün olmadığını əsaslandırıb. Belə halda birinci instansiyanın qətnaməsi ləğv ediləcək və iddia rədd oluncaq. Əvvəlki yoxlama nəticəsində apelyasiya instansiyası tərəfindən qəbul olunmuş “ilkin satış qiymətinə aid hissədə birinci instansiyanın qətnaməsinin dəyişdirilməsi barədə” qətnamə birinci instansiyanın qətnaməsinin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə mane olmur. Ona görə ki, ipoteka predmetinə tutma yönədilməsi mahiyyətdir, ilkin satış qiymətinin miqdarı isə mahiyyət deyil. Mahiyyət olmadan qeyri-mahiyyət mövcud ola bilməz.

Beləlikə, aşağı instansiyanın aktının yoxlanılması nəticəsində yuxarı instansiyanın qəbul etdiyi aktların təbiətinə aydınlıq gətirdik. Göründüyü kimi, yoxlanılmış aktın yenidən yoxlanılmasının mümkün olub-olmaması məsələsində əsas meyar yuxarı məhkəmənin aktının “həll aktı” sayılıb-sayılmamasıdır.

Bu meyar “res judicata” prisipinə zidd deyil. Latıncadan tərcümədə res judicata “həll edilmiş iş” mənasını verir, roma hüququna aid müddəadır. Həmin müddəaya görə səlahiyyətli məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı mübahisə tərəfləri üçün məcburi sayılır və yenidən baxıla bilməz. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24.07.2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Lakin biz deyə bilərik ki, yuxarı instansiyanın həll aktı mövcud deyilsə və yuxarı instansiyaya müraciət (şikayət) hüququ qalırsa, aşağı instansiyanın yoxlanılmış aktının yuxarı instansiyada yenidən yoxlanılması mümkündür.

MPM-in “Məhkəmə aktlarının məcburiliyi” adlı 15-ci maddəsi də bu meyara uyğun qurulub. Belə ki, 15.2-ci maddəyə fikir versək müəyyən edərik ki, orada bütün məhkəmə aktlarının məcburiliyi deyil, həll aktlarının məcburiliyindən bəhs olunur. Həmin maddədə məhkəmə aktlarının növləri və onların aid olduğu subyektlər sadalandıqdan sonra “… məcbiridir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır” ifadəsindən istifadə olunub. “Məcburilik” və “icra” xüsusiyyəti həll aktlarına aiddir. Bu zaman “həll aktı” deyiləndə yalnız maddi-hüquqi məsələni həll edən aktlar deyil (məs., qətnamə), həm də prosessual hüquqi məsələni həll edən aktlar (məs., iddianı təmin etmə tədbiri barədə qərardad) nəzərdə tutulur.

Bundan başqa, məhkəmə aktının icrası zamanı icra vərəqəsinin hansı instansiya tərəfindən verilməsi ilə bağlı qayda, habelə məhkəmə aktına izah verilməsi ilə bağlı qayda bu meyara uyğun qurulub. Həll aktı qəbul etməyən instansiya icra vərəqəsi və izah verə bilməz. Belə ki, Ali Məhkəmə Plenumunun “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” 14.01.2003-cü il tarixli qərarından görünür ki, 3 pilləli məhkəmə sistemində iş üzrə icra vərəqəsinin hansı instansiya tərəfindən verilməli olması müəyyən edilərkən həmin instansiyanın qəbul etdiyi aktın “həll aktı” sayılıb-sayılmaması əsas götürülür. İcra vərəqəsini sonuncu həll aktını qəbul etmiş instansiya verir, yəni yuxarı instansiya aşağı instansiyanın aktını tam və ya qismən ləğv etdikdə, habelə dəyişdikdə iş üzrə icra vərəqəsi yuxarı instansiya tərəfindən verilməlidir. O cümlədən MPM-in 230.2-ci maddəsinə görə birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Göründüyü kimi, izahı sonuncu həll aktını qəbul etmiş instansiya verir.

Odur ki, yoxlanılmış məhkəmə aktının yenidən yoxlanılmasının mümkün olub-olmadığı əvvəlki yoxlama aktının həll aktı sayılıb-sayılmamasına əsasən müəyyən edilməlidir.

Beləliklə, məhkəmə aktının yenidən yoxlanılması zamanı qeyd edilənlər nəzərə alınmalıdır.

Müəllif: Namiq Cəfərov
Bu bloqda yerləşdirilən yazılar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.

 

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *