Qanunvericiliyə izahatlarEtibarsız əqdlər üzrə müddətlər

Lawels LawelsNoyabr 11, 2020

MM-in “Etibarsız əqdlər üzrə müddətlər” adlı 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, mülki hüququn həyata keçirilməsi müddətidir.

Fərq ondan ibarətdir ki, iddia müddəti bitəndə müdafiəsi tələb olunan mülki hüquq qalır, lakin onu iddia ilə müdafiə etmək imkanı itirilir, mülki hüququn həyata keçirilməsi müddəti bitəndə isə hüququn özü xitam olunur.

“Mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” mülki hüquqdur. 354-cü maddədə həmin mülki hüququn həyata keçirilməsi müddətləri müəyyən olunub, odur ki, müddətlər bitəndə mülki hüquq xitam olunur.

Əgər biz desək ki, 354-cü maddədəki müddətlər iddia müddətidir, onda gərək razılaşaq ki, müddət bitəndə mülki hüquq qalır. Bu zaman sual yaranacaq ki, mülki hüququn həyata keçirilməsi necə mümkün olacaq? Məsələ bundadır ki, “mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” elə mülki hüquqdur ki, onun məhkəmədən kənar həyata keçirilməsi mümkün deyil. Məs., zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun (MM, maddə 21.1) məhkəmədən kənar həyata keçirilməsi mümkündür: zərərçəkən zərərin əvəzinin ödənilməsini tələb edə, zərərvuran isə zərər vurduğunu etiraf edərək onun əvəzini ödəyə bilər. Bu həm iddia müddəti daxilində, həm də iddia müddəti bitdikdən sonra mümkündür.

Lakin qanunvericilik məhkəmədən başqa heç kəsə belə səlahiyyət verməyib ki, 354-cü maddədə müəyyən edilmiş müddətin daxilində və ya həmin müddət bitəndən sonra hər hansı əqdin mübahisələndirilən əqd kimi etibarsız olduğunu müəyyənləşdirsin və ya əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrini tətbiq etsin. Hətta əqdin tərəfləri də belə səlahiyyətə malik deyillər. Yəni hər iki tərəf razılaşsa ki, əqd etibarsızdır, bunu hər hansı formada (bu barədə müqavilə bağlamaqla və s.) rəsmiləşdirə bilməzlər. Qanunvericilik tərəflərə yalnız əqdi ləğv etmək və ya dəyişdirmək səlahiyyəti verib. Əqdin etibarsızlığı o deməkdir ki, əqd qanunu pozmaqla bağlanıb, əqdin qanunu pozmaqla bağlandığını müəyyənləşdirilmək və onun nəticələrini tətbiq etmək səlahiyyətini qanunvericilik məhkəməyə verib. Deməli, bu tələbi məhkəmədə irəli sürmək müddəti bitəndə mülki hüquq xitam olunur.

354-cü maddənin mətnində “iddia” ifadəsi ona görə işlədilib ki, mülki hüquq məhkəmədə həyata keçirilməlidir, məhkəməyə müraciət isə iddia verməklə mümkündür. Ona görə də “iddia” ifadəsi müddətin iddia müddəti olması mənasını vermir. O cümlədən 354-cü maddənin adında əvvəl “iddia müddətləri” sözləri olmuş, 24.06.2005-ci ildə həmin sözlər “müddətlər” sözü ilə əvəz edilmişdir. Maddənin adındakı bu dəyişiklik onunla bağlı olmuşdur ki, maddədə iddia müddəti müəyyən olunmur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 30.6-cı maddəsinə görə maddə onun mahiyyətini əks etdirən ada malik olmalıdır. 354-cü maddənin əvvəlki adı onun mahiyyətini əks etdirmədiyinə görə dəyişdirildi.

Beləliklə, MM-in 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, “mübahisələndirilən əqdin etibarsız sayılması barədə” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə” mülki hüququn həyata keçirilməsi müddətidir. Bu səbəbdən həmin müddətlər bitdikdə məhkəmə cavabdehin “müddətin tətbiqi barədə” ərizə verib-vermədiyindən asılı olmayaraq müddəti tətbiq edərək iddianı rədd etməlidir.

 

Müəllif: Namiq Cəfərov
Bu bloqda yerləşdirilən yazılar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.
Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *