Məqalələrİnsayd Ticarət (insider trading) və hüquqi tənzimləmələr

Aynur Valiyeva Aynur Valiyevaİyun 17, 2020

“İnsayd ticarət”in anlayışı

Bu yazıda sizə qiymətli kağızlar bazarında rastlaşıla biləcək, rastlaşılması arzu olunmayan insayd məlumatdan istifadə etməklə edilən ticarətdən (insider trading) və  onun Azərbaycan və müxtəlif ölkələrdə hüquqi tənzimlənməsindən bəhs edəcəyik.

İlk öncə qeyd edək ki, ingiliscə “insider trading” kimi adlandırılan bu məhfumu “Qiymətli Kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən“insayd məlumatdan istifadə etməklə edilən ticarət”  başa düşə bilərik (bundan sonra “insayd ticarət”).

İnsayd ticarətin nə olduğunu anlamaq üçün ilk öncə insayd məlumatın  nə olduğunu aydınlaşdıraq. “Qiymətli Kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insayd məlumat açıqlanmamış, birbaşa və ya dolayı yolla bir və ya bir neçə emitentə, qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə aid olan və açıqlandığı təqdirdə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq xarakterli məlumatdır. [1]

İnsayd ticarət dedikdə isə fidusiar öhdəlikləri olan şəxsin öz öhdəliyini pozmaqla ictimaiyyətə açıqlanmasına icazə verilməyən insayd məlumatı qeyri-qanuni şəkildə başqasına açıqlaması və bu informasiyanın əsasında qiymətli kağızın alınması və ya satılması nəzərdə tutulur. [2]

İndi isə bu anlayışı nümunə ilə izah edək. Təsəvvür edək ki, siz hər hansı bir şirkətdə işçisiniz və işinizlə əlaqədər şirkətinizin maliyyə vəziyyəti, gələcək biznesi və s. barədə dəqiq məlumatlara sahibsiniz. Bu məlumatların ictimaiyyətə açıqlanması isə şirkətinizin hissələrinin qiymətinə təsir göstərə bilər. Siz isə bu məlumatı öz dostunuza açıqlayırsınız. Əgər məlumata əsasən hissələrin qiyməti gələcəkdə düşəcəksə, şirkətinizdə hissələrə sahib olan dostunuz bu məlumatı eşidən kimi öz hissələrini satmağa başlayır. Və ya əksinə, məlumata əsasən hissələrin qiyməti gələcəkdə qalxacaqsa, dostunuz şirkətinizin hissələrini almağa başlayır. Beləliklə, siz insayd ticarət həyata keçirmiş olursunuz.

Qeyd edək ki, insayd ticarət ictimai münasibətlərə, iqtisadi inkişafa və rəqabətliliyə zərər vuran hərəkət hesab olunur, buna görə də, əksər dövlətlər bu hərəkətə yol verilməsinə görə inzibati və ya cinayət məsuliyyəti , eləcə də cərimələr müəyyən edib.

Müxtəlif ölkələrdə insayd ticarətin hüquqi tənzimlənməsi

Amerika Birləşmiş Ştatlarında insayd ticarət federal qanunlar səviyyəsində tənzimlənir və bu qanun Qiymətli Kağızların Birja Komissiyası (Securities Exchange Comission) tərəfindən tətbiq edilir.[3]

ABŞ-da insayd məlumatları başqasına açıqladıqda həm şirkət qarşısında fidusiar öhdəliyi olan şəxs, həm də bir çox hallarda fidusiar öhdəliyi olmayan, məlumat açıqlanan tərəf hüquqi məsuliyyət daşıyır. Məlumatın açıqlandığı tərəflər bu məlumatdan istifadə edərək öz xeyrinə ticarət etdikdə məsuliyyəti aşağıdakı hallarda yaranır:

  • Bu məlumatın fidusiar öhdəliyi olan şəxs tərəfindən həmin öhdəliyin pozulması ilə həyata keçirildiyini bilirsə;
  • Bu informasiyanı öz profisional peşə öhdəliyi ilə əlaqədar əldə etmişdirsə (müvəqqəti fidusiar öhdəliyi olanlar);
  • Məlumatı açıqlayan tərəfin öz işəgötürəni qarşısında məlumatı açıqlamama öhdəliyi olduğunu bilirdisə (açıqlayan tərəf məlumatı açıqlanan şirkətdə işləmir).

Eyni zamanda qeyd edək ki, insayd ticarət edən şəxsləri əldə etdiyi gəlirin həcmindən və əməlin ağırlığından asılı olaraq cinayət məsuliyyəti, eyni zamanda Securities Exchange Comission tərəfindən məhkəmədə qaldırılmış mülki iddialar ilə əlaqədar olaraq mülki məsuliyyət gözləyir.

Birləşmiş Krallıq 1985-ci ildən İnsayd Ticarət Aktı (Insider Dealing Act) qəbul etməklə ölkədə insayd ticarətin qeyri-qanuni olduğunu təsdiqləmişdir. Bu zamanadək insayd ticarət müəyyən hissədə şəxslərin fidusiar öhdəlikləri ilə bağlı qaydalarla tənzimlənirdi.

İnsayd Ticarət Aktına əsasən, insayd ticarətə görə yalnız fiziki şəxslər məsuliyyət daşıyır. Hüquqi şəxslərin bununla bağlı ayrıca hüquqi məsuliyyəti yoxdur. [4]

Əgər insayd məlumatı başqasına açıqlayan şəxsin bu məlumatlara çıxışı məhz vəzifəsindən irəli gəlirsə, ancaq bu zaman qanun qarşısında məsuliyyəti yaranır. Belə ki, məlumatı açıqlayan işçininin vəzifəsində bu məlumatla işləmək funksiyası yoxdursa, o bu məlumatı açıqladıqda insayd ticarətə görə məsuliyyəti yaranmır. [4]

Məlumatın açıqlandığı şəxsin hüquqi məsuliyyətinin yaranması üçün şərtlər ABŞ hüququ ilə məzmun baxımdan oxşarlıq təşkil edir.

Birləşmiş Krallıqda da bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin ABŞ-dan fərqli olaraq dövlət özü mülki cərimə tətbiq edilməsi üçün məhkəməyə müraciət edə bilmir. Lakin bu o demək deyildir ki, hüquqları pozulmuş şəxslər məhkəməyə mülki qaydada müraciət edib kompensasiya tələb etməsinlər.

Həmçinin siz insayd məlumat əsasında kiməsə məsləhət verirsinizsə (məlumatı açıqlamadan) bu hüquqi məsuliyyət yaratmır.

Yaponiyada isə vəziyyət daha fərqlidir. Belə ki, qanunvericilik ABŞ qanunvericiliyinə çox bənzəsə də, bu qanunların Yaponiyada tətbiqinə demək olar ki, rast gəlmək qeyri-mümkündür. Buna əsas maneə isə yaponların özlərini məhkəmə proseslərinə (litigation) cəlb etməməsidir. Formalaşmış mədəniyyətlərindən irəli gələrək əhali nadir hallarda məhkəməyə müraciət edir. Buna görədə ortada insayd ticarətlə bağlı məhkəmə kazusu demək olar ki, yoxdur. [5]

Azərbaycan Respublikasında insayd ticarət və insayd məlumatın açıqlanması ilə bağlı məsələlər “Qiymətli Kağızlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur.

Müvafiq qanundan belə nəticəyə gələ bilərik ki, özünün və ya digər şəxslərin hesabına insayd məlumatdan istifadə etməklə birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirmək və ya belə əqdlərin bağlanmasına cəhd həm məlumatı açıqlayan, həm də məlumatı alan şəxslər üçün qadağandır. [1]

Birləşmiş Krallıqdan fərqli olaraq insayd məlumat əsasında hər hansı məsləhətin verilməsi belə qadağandır.

İnsayd məlumatdan istifadə və onunla ticarət bu yalnız xidməti vəzifəsindən irəli gələn şəxslərə qadağan edilmir. [1]

Həmçinin qanunun məqsədləri üçün insayd məlumatı qeyri-qanuni və ya müqavilə və ya hüququn verilməsi əsasında əldə etmiş şəxslər (məlumatı alan) də insayder hesab olunur.[1]

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, insayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan insayd məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti yaranır və buna görə cərimə, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur.[6]

Bu əməl az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə isə inzibati xəta hesab olunur və cərimə tətbiq olunur.[7]

İstifadə olunmuş mənbələr:

  1. Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı haqqında” 15 may 2015-ci il tarixli Qanunu
  2. https://www.investopedia.com/terms/i/insidertrading.asp
  3. https://www.law.cornell.edu/wex/insider_trading
  4. http://www.legislation.gov.uk/ukpga/1993/36/section/52
  5. https://repository.law.umich.edu/cgi/viewcontent.cgi?article=1754&context=mjil
  6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
  7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.

Aynur Valiyeva

Aynur Valiyeva

Lawyer at SOCAR-AQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *