Xarici arbitraj qərarlarının Azərbaycan Respublikasında tətbiqi

Müasir dövrdə müxtəlif növ tərəflər arasında arbitraj sazişi ilə mübahisələrə arbitraj qaydasında baxılmasından geniş istifadə olunur. Tərəflərin arbitraj sazişi əsasında mübahisələrini arbitraj qaydasında həll etməsinin nəticəsi olaraq arbitraj qərarları qəbul edilir. Arbitraj qərarlarının qəbul edilməsi qədər əhəmiyyət daşıyan digər bir məsələ həmin arbitraj qərarının tanınması və icra edilməsidir. Bu məqalədə aşağıdakı məsələlər öz əksini tapacaqdır:

  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2019-cu il tarixli Qərarının təhlili;
  • Xarici arbitraj qərarının tanınması və icra edilməsi ilə əlaqədar Mülki Prosessual Məcəllədə və “Beynəlxalq arbitraj haqqında” Qanunda olan hüquqi əsaslar;
  • Arbitraj qərarının ləğvi ilə arbitraj qərarının tanınmaması və icra edilməməsinin fərqi.

Xarici arbitraj qərarlarının tanınması və icra edilməsi istiqamətdə atılmış addımlardan biri 1958-ci ildə 10 iyun tarixində “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Nyu York Konvensiyasının qəbul edilməsidir. Azərbaycan Respublikası həmin Konvensiyaya 9 noyabr 1999-cu il tarixindən qoşulmuşdur.[1]

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2019-cu il tarixli Qərarını[2] təhlil etməzdən öncə, işin halları ilə tanış olaq.

Belə ki, “POSCO DAEWOO” Korporasiyası və “Grand Motors” MMC arasında tikinti texnikalarının təchizinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə satıcı qismində “POSCO DAEWOO” Korporasiyası, alıcı qismində isə “Grand Motors” MMC müəyyən edilmişdir. Satıcı alqı-satqı müqaviləsi üzrə 45 ədəd tikinti texnikası ilə Alıcını təchiz etmişdir, lakin Alıcı Müqavilə üzrə öhdəliklərini icra etməyərək, 4.545.456 ABŞ dolları məbləğini ödəməkdən imtina etmişdir.

Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində mübahisələrin həllinin arbitraj üsulu ilə tənzimlənməsi müəyyən edilmişdir. Müqavilələrdə tərəflər arasında yaranan mübahisənin danışıqlar vasitəsilə həll edilməli olması, 30 gün müddətində razılıq əldə edilməzsə, mübahisənin Koreya Kommersiya Arbitraj Şurasının Arbitraj Qaydalarına uyğun olaraq Koreyadakı arbitraj tərəfindən həll ediləcəyi nəzərdə tutulmuşdur.

Həmin maddəyə istinad edərək, Koreya Kommersiya Arbitraj Şurası bu iş üzrə öz yurisdiksiyasının olması qənaətinə gəlmiş və işə baxaraq, 12 iyul 2017-ci il tarixində cavabdeh “Grand Motors” MMC-nin iddiaçıya 2.142.474,22 ABŞ dolları və 65.872.406 KRW məbləğində ödəniş etməsi, digər iddiaların rədd edilməsinə dair arbitraj qərarı qəbul etmişdir.

Nəticədə, “POSCO DAEWOO” Korporasiyası səlahiyyətli olan[3] Azərbaycan Respublikası Ali Məhkəməsinə arbitraj qərarının tanınması və icra edilməsi üçün vəsatətlə müraciət etmişdir. Həmin vəsatət təmin edilməmişdir və buna görə də “POSCO DAEWOO” Korporasiyası Konstitusiya Məhkəməsinə müraciət etmişdir və müraciətinin əsaslandırması da ondan ibarət olmuşdur ki, xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci fəsli ilə tənzimlənir. Həmin fəslin 476-cı maddəsində xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini tanımaqdan və ya məcburi icra etməkdən imtinanın əsasları müəyyən edilmişdir. Buna baxmayaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bu maddəyə deyil, Mülki Prosessual Məcəllənin 465 və 466-cı maddələrinə əsaslanmaqla Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsindən imtina etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi həmin maddələr Mülki Prosessual Məcəllənin 47 və 48-ci fəsillərinə aiddir və həmin fəsillər ilə xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması və icrası məsələləri tənzimlənir.[4]

Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2019-cu il tarixli Qərarı ilə Ali Məhkəmənin qərardadı qüvvədən düşmüş hesab edilmişdir.

Xarici arbitraj qərarının tanınması və icra edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə vəsatətlə müraciət edilməlidir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyası inzibati və kommersiya olmaqla, müstəqil kollegiyalara ayrılmışdır.[5]

Mülki Prosessual Məcəllədə 47 və 50-ci fəsli ilə xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin icrası və tanınması ilə bağlı olan məsələlər tənzimlənir. Lakin sual yaradan məqam ondan ibarətdir ki, 47-ci fəsil “Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması” adlanır və 50-ci fəsil “xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin icrası və tanınması” adlanır. Adlandırmanı əsas götürsək, Mülki Prosessual Məcəllədə 50-ci fəslin yalnız “xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrasından” bəhs etdiyi təqdirdə, 47-ci fəslin niyə məhz “xarici məhkəmə və arbitrajların qətnamələrinin icrası və tanınması” olaraq adlandırılmasının səbəbləri maraq doğurur və Konstitusiya Məhkəməsi birbaşa olaraq bu məsələyə münasibətdə fikir bildirməmişdir. Fikrimcə, həmin fəsillərinin adlandırılmasında dəqiqləşdirmələr aparılmalıdır və 47-ci fəslin maddələrinin hansı arbitraj məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi üçün əsas qismində çıxış etməsi müəyyənləşdirilməlidir. Lakin hesab etmək olar ki, 50-ci fəsildə arbitraj qətnamələri dedikdə, dövlətin məhkəmə sisteminə daxil olan arbitraj məhkəmələri deyil, (məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən arbitraj məhkəmələri), münsiflər məhkəməsi statusunda olan arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və tanınması nəzərdə tutulur.[6]

Mülki Prosessual Məcəllənin 47-ci fəslində əks olunmuş 465-ci maddəsində və 50-ci fəslində əks olunmuş 476-cı maddəsində arbitraj qərarının tanınması və icra edilməsindən imtina əsasları var və həmin əsaslar bir-birindən ciddi surətdə fərqlənir. Lakin sadəcə 50-ci fəslin 476-cı maddəsi UNCITRAL Model Qanunun tanınma və icradan imtina əsasları adlanan 36-cı maddəsi[7] və Nyu York Konvensiyasının 5-ci maddəsi ilə məzmun etibarilə eynilik təşkil edir. Ona görə də belə hesab etmək mümkündür ki, “POSCO DAEWOO” şirkətinin şikayəti əsaslıdır və beynəlxalq hüquq normalarına uyğundur.

Maraqlı digər bir məqam odur ki, Mülki Prosessual Məcəllənin müvafiq maddələrindən başqa, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu da var ki, həmin Qanun da xarici arbitraj qərarlarının tanınması və icrası məsələlərini tənzimləyir. Lakin adıçəkilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında “Beynəlxalq arbitraj haqqında” Qanuna istinad edilməmişdir.

“Beynəlxalq Arbitraj haqqında” Qanunun 34-cü maddəsində arbitraj qərarının ləğvi və 36-cı maddəsində arbitraj qərarının tanınması və icra edilməsindən imtina əsasları öz əksini tapıb. Həmin əsaslar məzmun etibarilə eynidir. Lakin əsas məsələ onlar arasında praktiki fərqin müəyyən edilməsidir. Yəni, xarici arbitraj qərarların tanınması və icra edilməsi zamanı hüquqi əsas qismində hansı maddələr əsas götürülməlidir.

Onlar arasındakı praktiki cəhətdən fərq ondan ibarətdir ki, arbitraj qərarının ləğv edilməsi yalnız arbitraj qərarının qəbul edildiyi ölkənin məhkəməsi tərəfindən həyata keçirilə bilər, lakin arbitraj qərarının tanınması və icra edilməsi istənilən ölkənin məhkəməsi tərəfindən həyata keçirilə bilər.[8]

Daha aydın dillə desək, əgər arbitraj qərarı İngiltərədə qəbul edilibsə, bu halda arbitraj qərarının ləğv edilməsi yalnız İngiltərə məhkəmələri tərəfindən həyata keçirilə bilər və bu zaman İngiltərənin arbitraj qanunvericiliyində arbitraj qərarlarının ləğvinə əsas verən maddələrə istinad edilməlidir. Əgər arbitraj qərarı Azərbaycan Respublikasında qəbul edilibsə, bu halda, arbitraj qərarının ləğvi yalnız Azərbaycan Respublikasının məhkəmələri tərəfindən və “Beynəlxalq arbitraj haqqında” Qanunun 34-cü maddəsi, yəni arbitraj qərarının ləğvinə dair olan maddə əsas götürülməklə həyata keçirilməlidir.

Arbitraj qərarı ləğv edilərsə, bu halda tərəflər yenidən arbitraja müraciət edə bilərlər. Lakin arbitraj qərarının hansısa ölkənin ərazisində tanınması və icra edilməsindən imtina edildiyi halda, digər ölkənin ərazisində həmin qərar tanına və icra oluna bilər. Yəni, arbitraj qərarının tanınmaması və icra edilməməsi onun ləğv edilməsinə gətirib çıxarmır.

Arbitraj qərarının tanınması və icra edilməsi isə arbitraj qərarının hansı ölkədə qəbul edilməsindən asılı olmayaraq, Nyu York Konvensiyasına qoşulmuş istənilən ölkənin məhkəmələri tərəfindən həyata keçirilə bilər. Eyni zamanda, arbitraj qərarının tanınması və icra edilməsindən imtina da Nyu York Konvensiyasında göstərilmiş maddələr əsas qismində çıxış etməklə, Nyu York Konvensiyasına qoşulmuş istənilən ölkənin məhkəməsi tərəfindən həyata keçirilə bilər.

Nəticədə, arbitraj qərarının tanınması və icra edilməsi üçün hüquqi əsas qismində Mülki Prosessual Məcəllənin 50-ci fəsli və “Beynəlxalq arbitraj haqqında” Qanunun 36-cı maddəsinə istinad edilməlidir və arbitraj qərarının tanınmaması və icra edilməməsi arbitraj qərarının ləğv edilməsi demək deyil.

 

[1] “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu, 9 noyabr 1999-cu il, № 734-IQ

[2] Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2019-cu il tarixli Qərarı, bax: http://www.constcourt.gov.az/decision/407

[3] “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu, 18 noyabr 1999-cu il, №757-IQ, maddə 35

[4] Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2019-cu il tarixli Qərarı, bax: http://www.constcourt.gov.az/decision/407

[5] “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 9 iyul 2019-cu il, №1632-VDQ

[6] Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin elmi-praktiki kommentariyası, Azərbaycan Hüquqçular Assosiasiyası, Bakı 2003, səh. 531

[7] Beynəlxalq Kommersiya Arbitrajı haqqında UNCITRAL Model Qanun, 1985, 2006-cı ildə qəbul edilmiş dəyişikliklərlə birgə, BMT Vyana 2008, bax: https://www.uncitral.org/pdf/english/texts/arbitration/ml-arb/07-86998_Ebook.pdf 27/05/2020

[8] Beynəlxalq Kommersiya Arbitrajı haqqında UNCITRAL Model Qanununa dair UNCITRAL katibliyi tərəfindən edilmiş izahedici qeydlər, BMT Vyana 2008, s.36, bax:https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/19-09955_e_ebook.pdf 27/05/2020

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.