Konfidensiallıq barədə razılaşmaların bağlanması zamanı nəzərə alınmalı nüanslar
  • Giriş
  • Konfidensiallıq barədə razılaşmaların bağlanması üçün nəzərə alınmalı məqamlar və tövsiyələr
  • Konfidensiallıq barədə razılaşmaların növləri
  • Konfidensiallıq barədə razılaşmaların tərtib olunması üçün hüquqşünasın malik olmalı olduğu məlumatlar
  • Mübahisələrin həlli qaydası

Giriş

Kommersiya sahəsində mühüm əhəmiyyətə malik olmasına, ən çox bağlanan müqavilə növü hesab olunmasına və bağlayan tərəflər üçün xüsusi rejim müəyyənləşdirməyinə baxmayaraq konfidensiallıq barədə razılaşmalar üzrə nə yerli, nə də ki beynəlxalq hüquq ədəbiyyatı və tənzimləmələr bugünədək formalaşdırılmamışdır. Bu məqalənin əsas məqsədi hüquqşünaslara belə növ müqavilələrin bağlanması zamanı bir növ istiqamət göstərmək və bu sahədə hüquq nəzəriyyəsinin əsaslarını formalaşdırmağa təkan verməkdir. Rutin qaydada və hər yerdə istifadə olunmasına görə belə hesab edilir ki, konfidensiallıq barədə razılaşmalar standart xarakter daşıyır, lakin bu hal əslində göründüyü kimi deyil. [1] Hətta, bəzi müəlliflər hesab edir ki, konfidensiallıq barədə razılaşmaların oxunması və nəzərdən keçirilməsi komputerlər tərəfindən həyata keçirilə bilər. Belə razılaşmaların bir sıra müddəalarının standart olması doğrudur, lakin nəzərə almaq lazımdır ki, bütün növ müqavilələrdə belə standart şərtlər mövcuddur və bu hal onların hüquqşünaslar tərəfindən analiz olunaraq tərtib edilməsi və ya nəzərdən keçirilməsi zərurətinə xələl gətirmir.

Konfidensiallıq barədə razılaşmaların bağlanması üçün nəzərə alınmalı məqamlar və tövsiyələr

Konfidensiallıq barədə razılaşmalar (bundan sonra – NDA) əsasən əməkdaşlıq etmək niyyətində olan şəxslər arasında biznes danışıqları zamanı açıqlanması zəruri olan kommersiya sirri məlumatlarının qorunması məqsədilə bağlanır. “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası qanununa müvafiq olaraq kommersiya rejimi kommersiya sirrinin sahibi tərəfindən müəyyənləşdirilir və müvafiq yazılı razılaşma bağlanması bu rejimin tənzimlənməsi üçün zəruridir. [2]Konfidensial xarakterli məlumatın açıqlanması üçün NDA bağlamaq niyətində olan tərəfin nəzərə almalı olduğu əsas məqamlar aşağıdakı kimidir:

Məlumatın konfidensiallığı. İlk növbədə, açıqlanacaq məlumatın həqiqətən konfidensial xarakterə malik olub-olmadığı müəyyən edilməlidir. Çünki müəyyən NDA ilə bağlı məhkəmə mübahisəsi olduqda, əgər şəxs açıqladığı məlumatın həqiqətən konfidensial olduğunu sübuta yetirə bilməsə məhkəmə NDA müqaviləsini yararsız (etibarsız) hesab edə bilər və bu hal digər şəxslərlə bağlanan NDA sənədləri üçün də risk yarada bilər. Buna görə də məlumatın həqiqətən konfidensial olmasının müəyyənləşdirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Həmçinin, məlumat ictimaiyyət tərəfindən asanlıqla əldə ediləbilən olmamalıdır.

NDA tərtib olunduqda ilk növbədə konfidensial məlumat anlayışının izahı verilməlidir. Bu anlayışda açıqlanan məlumatların ümumi konsepsiyasından bəhs edilir. Məlumatı açıqlayan və ya məlumatın açıqlandığı tərəfdən asılı olaraq müqavilə tərəfləri bu anlayışa fərqli aspektdən yanaşmalıdırlar. Belə ki, məlumatı açıqlayan tərəfi təmsil edən hüquqşünas konfidensial məlumat anlayışının mümkün dərəcədə geniş mahiyyət daşımasına nail olmalı, digər tərəfdən isə konfidensial məlumatın açıqlandığı tərəfin hüquqşünası belə anlayışın məhdud və konrekt xarakter daşımasına çalışmalıdır. [3]

Digər bir məqam isə anlayışla bağlı əsas istisna halların müəyyənləşdirilməsidir. Təcrübədə əsasən aşağıdakı 5 hal nəzərə alınır:

– məlumatın konfidensiallığının qorunması üzrə müqavilənin və ya konfidensiallığın qorunmasına dair hər hansı digər öhdəliyin pozulmasından başqa digər hər hansı yolla ictimaiyyətin malik olduğu və ya ictimaiyyətə bəlli olan məlumat;

– digər tərəfin müstəqil surətdə işləyib hazırladığı və ya əldə etdiyi məlumat;

– Məlumatın digər tərəfə açıqlanmasından əvvəl bu tərəfin malik olduğu məlumat;

– Üçüncü tərəfdən qanuni yolla əldə olunan məlumat;

– Bir tərəfin digər tərəfə açıqlanmasına icazə verdiyi məlumat. [4]

Məlumat açıqlandığı təqdirdə yarana biləcək risklər. NDA bağlanmamışdan əvvəl qarşı tərəf NDA müqaviləsinin şərtlərini pozarsa yarana biləcək risklər müəyyən edilməlidir. Yalnız yarana biləcək riskin dərəcəsindən asılı olaraq NDA bağlanılıb-bağlanılmamasına razılıq verilə bilər. Çünki nəzərə almaq lazımdır ki, müqavilə şərtləri pozulmaqla məlumat açıqlansa açıqlayan şəxsin məruz qalacağı risk və zərərlər məhkəmənin müəyyən etdiyi kompensasiyadan dəfələrlə artıq ola bilər. Buna görə də məruz qalınacaq risklər əməkdaşlığın zəruriliyinə proporsional olmalıdır.

Məlumatı açıqlamağın zəruriliyi. Əməkdaşlıq etmək niyyətində olan şəxs mümkün dərəcədə əməkdaşlığı konfidensial məlumatları açıqlamadan aparmağın mümkünlüyünü araşdırmalıdır. Yalnız əgər məlumatı açıqlamaq əməkdaşlığın gələcəyi üçün həqiqətən də zəruridirsə bu zaman NDA bağlanmasına səy göstərməlidir.

Əməkdaşlıq niyyəti. Şəxs konfidensial məlumatı açıqlamaq niyyətində olduğu qarşı tərəflə həqiqətən də əməkdaşlıq etmək niyətində olmalıdır. Nəzərə almaq lazımdır ki, məlumat konfidensial olduğu təqdirdə onun açıqlanması müəyyən risklər yarada bilər. Və bu riskləri yalnız şəxslə gələcəkdə müəyyən hədəf üzrə əməkdaşlığı inkişaf etdirmək niyətində olduqda və bu əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi halda üzərinə götürməlidir.

Məlumatın açıqlandığı qarşı tərəfin etibarlılığı. Məlumatın açıqlanacağı qarşı tərəf barəsində olan ümumi araşdırma nəticəsində qarşı tərəfin məlumatı konfidensial saxlamaq üzrə potensial etibarlılığı dəyərləndirilməlidir.

Konfidensiallıq barədə razılaşmaların növləri

Məlumat açıqlayan tərəfdən asılı olaraq NDA birtərəfli, qarşılıqlıçoxtərəfli ola bilər. Birtərəfli NDA-lərdə iki tərəfdən yalnız biri konfidensial məlumatı açıqlayır. Qarşılıqlı NDA-lərdə isə hər iki tərəf qarşılıqlı olaraq məlumat açıqlayır. Çoxtərəfli NDA-lərdə isə tərəflərdən ən azı biri məlumatı açıqlayır və digərləri bu məlumatı konfidensial saxlamaq öhdəliyi götürür.

Eyni zamanda NDA açıqlanacaq məlumatın xarakterindən asılı olaraq fərqlənə bilər. Məsələn, əqli mülkiyyətin, patentin açıqlanması ilə bağlı olan NDA, kommersiya dəyərinə malik digər məlumatın açıqlanması ilə bağlı olan NDA və ya digər konfidensial xarakterli məlumatın açıqlanmasıyla bağlı NDA.

Konfidensiallıq barədə razılaşmaların  tərtib olunması üçün hüquqşünasın malik olmalı olduğu məlumatlar

NDA razılaşması açıqlanacaq məlumatın xarakterindən, tərəflərin münasibətlərindən və bir sıra digər faktorlardan asılı olaraq hazırlanmalıdır. Bu səbəbdən düzgün müdafiə mexanizminin formalaşdırılması məqsədilə NDA hazırlanması zamanı hüquqşunasın malik olmalı olduğu əsas məlumatlar aşağıdakı kimidir:

Açıqlanacaq məlumatın ümumi konsepti və xarakteri. Hüquqşünas tərəfindən konfidensial məlumat anlayışının NDA-də müəyyənləşdirilməsi və məlumatın qorunması mexanizminin müəyyənləşdirilməsi üçün ümumi konsepsiyasının olması zəruridir. Çünki anlayış çox ümumi olarsa və müəyyən dərəcədə spesifik xarakter daşımazsa məhkəmə tərəfindən NDA yararsız hesab oluna bilər. Digər tərəfdən, NDA-də verilən konfidensial məlumat anlayışının şəxs tərəfindən açıqlanacaq məlumat kateqoriyasını əhatə etməmək riski də yara bilər. Eyni zamanda hüquqşünas məlumatın şifahi və ya yazılı olaraq açıqlanması və ya qarşı tərəfin konfidensial xarakterli sənədlərlə əyani tanış edilməsi və ya bu sənədlərin ona göndərilməsi halları barədə də məlumatlı olmalıdır.

Məlumatın xarakterindən asılı olaraq konfidensial saxlanılma müddəti. Açıqlanacaq məlumatın xarakterindən asılı olaraq konfidensial saxlanılma müddəti fərqli ola bilər. Bu müddəti NDA-in qüvvədə olma müddətindən fərqləndirmək lazımdır. Belə ki, NDA-də konfidensial saxlanılma müddətinin müqavilə qüvvədən düşdükdə belə davam etdiyini qeyd etmək zəruridir. Hal-hazırda praktikada bu müddət adətən 3-5 il olaraq müəyyən olunur. Lakin elə məlumat ola bilər ki, onun konfidensial saxlanılması üçün daha uzun müddət zəruri ola bilər. Çünki bəzi hallarda 5 ildən sonra belə məlumatı konfidensial saxlamaq zəruri ola bilər və qarşı tərəf belə bir məlumatı 5 il sonra açıqlasa heç bir məsuliyyət daşımaya bilər.  Bu səbəbdən tövsiyə olunur ki, konfidensial saxlanılma müddəti məlumatın konfidensial olma müddəti ilə eyni və ya qeyri-müəyyən müddət üçün müəyyənləşdirilsin.

NDA sənədinin növü. Hüquqşünas eyni zamanda NDA razılaşmasını onun növündən asılı olaraq hazırlamalıdır. Yəni, yalnız bir tərəfin məlumat açıqladığı NDA-lə hər iki tərəfin məlumat açıqladığı NDA eyni formaya malik olmur. Eyni zamanda, NDA çoxtərəfli olduqda və ya qarşı tərəfin törəmə cəmiyyətlərini və ya tabeçiliyində və ya əməkdaşlıqda olduğu şəxsləri də əhatə edərsə NDA-də bu hal da nəzərə alınmalıdır.

Konfidensial Məlumatın açıqlanılma səbəbi. Yuxarıda qeyd etdiyimiz kimi tərəflər arasında nəzərdə tutulan əməkdaşlığın xarakterindən asılı olaraq NDA növləri bir birindən fərqlənir. Məlumatın açıqlanma səbəbi dedikdə, məsələn Joint Venture yaratmaq, hər hansı malın alınması, xidmətlərin göstərilməsi və s. başa düşülür.

Əlavə olaraq qeyd etmək lazımdır ki, bir sıra hallarda NDA-in özü, yəni onun mövcudluğu və mətni də konfidensial xarakter daşıyır. Belə olduğu halda bu barədə mütləq olaraq sənədin özündə qeyd edilməlidir.

Qeyd edim ki, NDA müqavilələrinin nəzərdən keçirilməsini və risklərin müəyyənləşdirilməsini həyata keçirən Süni İntellekt funksiyası daşıyan sistemlər yaradılmışdır. Belə sistemlərdən biri sayılan Lynn ilə bu keçiddə tanış ola bilərsiniz. Qeyd edək ki, sistem heç bir ödəniş tələb etmədən sənədi bütün bu növ müqavilələrdə rast gəlinən ümumi risklər baxımından analiz edir və hüquqi rəy təqdim edir. Təqdim olunan rəy suallara cavab verilməsi üçün kifayət etmədikdə isə sizi hüquqşünasa yönləndirir. Qeyd edək ki, belə süni intellektlərin formalaşdırılması təqdirəlayiq hesab olunsa da bu cür proqramlaşdırılmış sistemlərin həyata keçirdiyi analiz və ya hüquqi təhlilin nə dərəcədə məqsədəuyğun olması şübhə doğurur.

Mübahisələrin həlli qaydası və tətbiq olunan qanunvericilik

NDA sənədində mübahisələrin həlli qaydası və tətbiq olunan qanunvericilik ətraflı olaraq təsvir edilməlidir. Beynəlxalq təcrübədə adətən mübahisələrin həlli qaydası və tətbiq olunacaq qanunvericilik məlumatı açıqlayan şəxs tərəfindən müəyyən edilir. [5]

Tətbiq olunacaq qanunvericilik və xarici məhkəmə qərarlarının icra olunması. Tətbiq olunacaq qanunvericiliyin müəyyənləşdirilməsi mübahisənin həll olunması üzrə mühüm dərəcədə əhəmiyyətlidir. Burada əsas məqamlardan biri xarici məhkəmə qərarlarının icrası ilə bağlıdır. Belə ki, bəzi ölkələrin qanunvericiliyi məsələn Çin Xalq Respublikası qanunvericiliyində xarici məhkəmələrin qərarları adətən icra olunan deyildir. İngiltərə qanunvericiliyinin tətbiq olunmasının üstünlüyü ondan ibarətdir ki, məhkəmə iddianı təmin etmə tədbirlərinin (injuctive relief) tətbiq olunmasında daha cəld hərəkət edə bilər və qarşı tərəfi NDA pozulmasının davam etdirilməsindən dayandıra bilər[6]. Bu kriteryanın analizi zamanı tərəflərin xarici məhkəmə qərarlarının icra olunması ilə əlaqədar müvafiq konvensiyalara və ya digər beynəlxalq sənədlərə üzv olub-olmaması da yoxlanılmalıdır.

Mübahisələrin həlli qaydası. Mübahisələr alternativ həll yolları (arbitraj, mediasiya və digər) vasitəsilə həll oluna bilər. Arbitraj mübahisələrin həlli orqanı kimi müəyyənləşdirildiyi halda arbitrajın yeri, tətbiq olunacaq qanunvericilik də müəyyənləşdirilməlidir. Bu zaman arbitrajın baş tutacağı yerin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Hong Kong, Sinqapur, İngiltərə kimi ölkələr arbitraj qərarlarının ədalətli və icraolunan olması ilə tanınır.

Mübahisələr hər hansı yurisdiksiyaya daxil olan məhkəmələr tərəfindən həll oluna bilər. Nəzərə almaq lazımdır ki, müxtəlif yurisdikyaya malik məhkəmələr tərəfindən eyni mübahisə barəsində fərqli fikirlər ola bilər.

Mübahisələrin həlli zamanı əsas nüans konfidensiallığın həqiqətən pozulmasını sübut etməkdən ibarətdir. Digər bir nüans isə odur ki, məlumatı açıqlayan tərəf həmin məlumatın konfidensiallığının qorunması üçün ağlabatan tədbirləri gördüyünü sübuta yetirməlidir.

NDA sənədlərinin nəzərdən keçirilməsi və hazırlanması zamanı mümkün dərəcədə əksər növ risklərin əhatə olunması və zəruri olan tələblərin müəyyənləşdirilməsi üçün tövsiyə olunur ki, bu keçidə daxil olaraq belə sənədlər ilə bağlı əsas aydınlaşdırılmalı olan 40 sualla tanış olasınız.

[1] Engelfriet, Arnoud, Creating an Artificial Intelligence for NDA Evaluation (September 22, 2017). Available at SSRN: https://ssrn.com/abstract=3039353 or http://dx.doi.org/10.2139/ssrn.3039353.

[2] “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunu. 7.1-ci maddə

[3]Engelfriet, Arnoud, Creating an Artificial Intelligence for NDA Evaluation (September 22, 2017). Available at SSRN: https://ssrn.com/abstract=3039353 or http://dx.doi.org/10.2139/ssrn.3039353.

[4] Non-Disclosure Agreement (NDA) Guide. https://www.rocketlawyer.com/form/non-disclosure-agreement.rl#/

[5] Rebecca K. Myers, Vandenberg & Feliu, LLP. Confidentiality, Nondisclosure and Secrecy Agreements

Posted on 11-30-2015. Available at https://www.lexisnexis.com/lexis-practice-advisor/the-journal/b/lpa/posts/confidentiality-nondisclosure-and-secrecy-agreements

[6] Vivien Irish. Disclosing Confidential information. September 2003. Available at https://www.wipo.int/sme/en/documents/disclosing_inf_fulltext.html

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.